2025: Risklər və ümidlər ili |TƏHLİL

// Mənfi meyillər nəzarətdə saxlanılsa, il uğurlu keçəcək

      2025:    Risklər və ümidlər ili    |TƏHLİL
  14 Yanvar 2025    Oxunub:509
Ötən ilin yanvar-noyabr aylarında ölkəmizdə 113 milyard 282 milyon 400 min manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,1% çoxdur. 11 ay ərzində iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4%, qeyri neft-qaz sektorunda isə 6,4% artıb.
İstehlak qiymətləri indeksi 2%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 1%, qeyri-qida məhsulları üzrə 1,5%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,8% çoxalıb.

Xatırladım ki, 2023-cü ilin yekununa görə ölkədə ÜDM cəmi 1,1%, istehlak qiymətləri indeksi 8,8% artmışdı. 2022-ci ildə artım 4,6%-ə, inflyasiya 13,9%-ə bərabər olmuşdu. Lakin bu, 2022-ci illə müqayisədə 2023-cü ilin iqtisadi yekunlarının üzərinə kölgə salmırdı. Ona görə ki, 2023 ölkədə istehlak qiymətləri indeksinin enməyə doğru istiqamət götürdüyü il sayıldı.

2022-ci il ərzində 4,6% artıma beynəlxalq bazarlarda enerjidaşıyıcılarının qiymətləri üzrə konyunktur vəziyyətlə, həmçinin neft-qaz sektorumuzda hasilatın çoxluğu ilə əlaqədar baş vermişdi.

Ötən il inflyasiyanın aşağı səviyyədə qalması ən mühüm amil sayılmalıdır. Düzdür, heç bir sahədə və istiqamətdə ucuzlaşma baş vermədi. Lakin qiymətlər yüksəyə qalxmadığından, istehlak bazarında vəziyyət sabit qaldığından, iqtisadi artım üçün ən azından münbit şərait ortaya çıxdı.

Ötən ilin 11 ayının nəticəsinə görə ÜDM istehsalı üzrə artım bir az da çox ola bilərdi. Sadəcə, enerjidaşıyıcıları üzrə qiymətlər əvvəlki ildəki kimi olmadı, üstəlik, neft hasilatımız da artıq 30 milyon tondan aşağıya düşüb. Bununla belə, yanvar-noyabr aylarının yekununa əsasən ÜDM istehsalı üzrə 4,1%-lik artım kifayət qədər böyük rəqəmdir.

2024-cü ildə heç bir sosial paket həyata keçirilmədi. Buna rəğmən, yanvar-oktyabr ayları ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8% artaraq 993,2 manat təşkil edib. Noyabrın 1-nə iqtisadiyyatda muzdla çalışanların sayı 1 milyon 773,3 min nəfər olub ki, onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 891,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

2024-cü il ölkəmizdə turizmin inkişafı sarıdan əlamətdar oldu. Yanvar-noyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2412 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,4 % çox əcnəbi gəlib. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 37,3% artaraq 106,0 min nəfər, körfəz ölkələrindən 25,3% artaraq 391,9 min nəfər, MDB ölkələrindən isə 19,4% artaraq 905,8 min nəfər təşkil edib.

Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına qoşulan ölkələrin Konfransının - COP29-un Bakıda uğurla keçdiyini xüsusi qeyd etmək lazımdır. Ölkəmiz indiyədək qazandığı siyasi və iqtisadi nüfuzu bir daha ortaya qoydu. 196 ölkədən aralarında 80 prezident, vitse-prezident və baş nazir olmaqla 72 mindən çox nəfər Bakıya təşrif buyurdu.

Ölkədə alternativ enerji mənbələrindən istifadə sahəsində xeyli irəliləyiş əldə olunub. Yanvar-noyabr ayları ərzində “yaşıl” enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 617,8 milyon kVt·st, yəni 80%-dən çox artaraq 3 580,6 milyon kVt·st təşkil edib. Ölkəmiz alternativ enerji mənbələrindən istifadə sahəsində irəliləməkdə davam edir. Qarşıya qoyulan məqsəd dünyada tezliklə həm də "yaşıl enerji" ixracatçısı kimi tanınmaqdan ibarətdir. Çünki ölkəmizin bərpaolunan enerji sahəsində real texniki potensialı 135 giqavat, dənizdə isə 157 giqavat ilə ölçülür.

2024-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri də iqtisadi artıma müsbət təsir edib. 44 günlük müharibədən sonra bu işlərə 19 milyard manata yaxın vəsait xərclənib. Artıq ümumilikdə 2417 ailə - 9306 nəfər doğma torpaqlarına köçürülüb.

Ölkə iqtisadiyyatında müsbət dinamikanın hökm sürdüyünə dair daha bir əyani sübut valyuta ehtiyatlarımızla bağlıdır. 1 oktyabra kimi ümumi strateji valyuta ehtiyatlarımızın həcmi 73 milyard 493,4 milyon ABŞ dollarına çatıb. Bunun 83,95%-i və yaxud 61 milyard 697,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 16,05%-i və yaxud 11 milyard 795,8 milyon ABŞ dolları isə Mərkəzi Bankın (AMB) payına düşüb. Təkcə ilin III rübü ərzində ölkənin valyuta ehtiyatları 3 milyard 755,2 milyon ABŞ dolları və yaxud 5,4% artıb. Doğrudur, AMB-nin rəsmi valyuta ehtiyatları həcmi oktyabr və noyabr ayları ərzində 424 milyon dollar + 404 milyon dollar = 828 milyon dollar azalıb. Lakin bu, müvəqqəti xarakter daşıyır.

Müqayisə üçün qeyd edim ki, oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 201,4 milyon manat və yaxud 2024-cü il üzrə ÜDM-in 21,6%-i qədər olub. Borcun 9 milyard 8,5 milyon manatı və yaxud 5 milyard 299,1 milyon ABŞ dolları xarici, 17 milyard 192,9 milyon manatı isə daxili dövlət borcudur. Bunlar gözlənilən ÜDM-in müvafiq olaraq 7,4%-i və 14,2%-i qədərdir.

Təəssüflər olsun ki, 2024-cü il ərzində müsbət məqamlarla bərabər, növbəti illərdə ölkə iqtisadiyyatı üçün makroiqtisadi sabitliyə təhdid törədə biləcək hallar da olunub. Bunlar mütləq ciddi nəzarətə götürülməlidir.

Məsələn, xarici ticarət dövriyyəsinin azalması ölkəmizi gələcəkdə bəzi problemlərlə üzləşdirə bilər. Keçən ildən başlayan bu proses idxal-ixrac əməliyyatlarını birincinin xeyrinə dəyişməsi fonunda baş verdiyindən, təhlükəli sayılır. Yəni, bir var, tendensiya özünü sırf neft-qaz sektoru ilə əlaqədar göstərsin, bir də var, qeyri-neft-qaz məhsulların da ixrac və dəyərinin azalması bunda rol oynasın. Belədə müsbət saldo daha sürətlə enir.

2024-cü ilin ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 11,7% azalaraq 34 milyard 498.17 milyon ABŞ dolları təşkil edib. Ümumiyyətlə, son bir ildə ixrac 25% azalaraq 19 milyard 854.93 milyon ABŞ dolları, idxal isə 16% artaraq 14 milyard 643.24 milyon ABŞ dollarına bərabər olub. Xarici ticarət dövriyyəsi üzrə müsbət saldo ötən ilin eyni dövrünə nisbətən 62,4% azalıb. Bu, heç də yaxşı nəticə deyil.

Demək istədiyim odur ki, neft hasilatımız onsuz da azalır, qazdan əldə olunan gəlirlərsə bunu əvəz etmir. Düzdür, qiymət 50 ABŞ dolları həndəvərində olarsa bu, bizim üçün təhlükəli sayılmır. Ancaq, 60 ABŞ dollarından aşağı rəqəmin özü də tam sərfəli deyil. Nə qədər ki, qeyri-neft-qaz ixracından əldə etdiyimiz dollarlar bizi qane etməyəcək, neft faktoru iqtisadiyyatımızda mövcud makroiqtisadi sabitlik üçün barometr rolunu oynamaqda davam edəcək.

Digər məqam ölkədən kənara valyuta axını ilə bağlıdır. Ölkənin real iqtisadi vəziyyətini müəyyən edən əsas faktorlardan biri tədiyə balansıdır. Yəni, ölkədən çıxan valyuta həcmi ilə ölkəyə daxil olan valyuta həcmi arasında nisbəti. Cari il ərzində statistikaya əsasən, bir ara ölkədən xarici valyuta axını üzrə artım müşahidə olunurdu. Bu, xarici ticarətin azalması, ixracın enməsi, idxalın isə genişlənməsi fonunda təhlükəli hal sayılır.

Prezident sentyabrın sonunda keçirdiyi iqtisadi müşavirədə hökumətə sözügedən prosesi nəzarətə götürməyi tapşırdı. Həmin müşavirədə müzakirə olunan əsas mövzulardan biri məhz ölkədən valyuta axınının həcmini və bu sahədə genişlənməni çərçivəyə almaq, ayrı-ayrı sahibkarlıq strukturları tərəfindən ixrac olunan məhsullar üzrə qazanılan valyutanı geri qaytarmaqdan ibarət oldu. Tapşırığa əsasən atılan addımlar nəticəsində ixrac olunan bəzi məhsullar üzrə xarici valyuta həcmləri ölkəyə gətirildi və proses davam edir. Lakin məsələnin tam həlli üçün hələ çox səylər tələb olunur.

Sözün qısası, 2024-cü ildən qalan neft hasilatının enməsi, bu sahədə qiymət volatilliyinin yaratdığı risklər, xarici ticarət dövriyyəsinin azalması, qeyri-neft ixracı üzrə dayanıqlığın kövrək xarakter daşıması, kənara valyuta axını və sair kimi amillər makroiqtisadi sabitlik üçün ən neqativ və pozucu təsir göstərə bilən amillər sayılır. Lakin 2025-ci ildə daha çox uğur və iqtisadi nəticələr əldə olunacağına ümidlər böyükdür.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: İqtisadiyyat  





Xəbər lenti